“İrəvansız 100 il” mövzusunda tədbir

“İrəvansız 100 il” mövzusunda tədbir

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyinin dəstəyi ilə "İrəvansız 100 il” mövzusunda tədbir keçirilib. 

Şuşanın işğal gününə təsadüf edən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə kollecin direktor əvəzi Nofəl Nəbiyev açaraq, tarixin müxtəlif dövrlərində Azərbaycan ərazilərinin yadelli hücumuna məruz qaldığını, İrəvan xanlığının mərkəzi sayılan İrəvan şəhərinin də məhz bu təcavüzkarlıq nəticəsində işğal edildiyini diqqətə çatdırıb. O, tariximizin öyrənilməsi, təbliğ edilməsi, gənc nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

İctimai Birlik sədri Zaur Qəriboğlu tədbirin mahiyyəti barədə danışaraq bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi I qrant müsabiqəsində "İrəvansız 100 il” mövzusunda tədbirlərin təşkili sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib gəlib və layihənin icrasına start verib. Qeyd edib ki, bu işə 2016-cı ilin mayından başlanılıb: "Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə təşkilat tərəfindən iravan.2018.com ensiklopedik portal yaradılıb. Bunun davamı  olaraq, 29 may 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinin 100 illiyini cəmiyyətdə gündəmə gətirməyi, "İrəvansız 100 il” adı altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin hərbi qulluqçular arasında maarifləndirici tədbirlər həyata keçirməyi qarşımıza məqsəd qoyduq. Bununla yanaşı, hədəfimiz Azərbaycan torpaqlarına iddia edən Ermənistanın əslində, paytaxt kimi istifadə etdiyi İrəvan şəhərinin belə, tarixi Azərbaycan torpağı olduğu halda, Qarabağa necə iddia edə bildikləri sualını cəmiyyətin əsas fikrinə çevirməkdir. Əsas istəyimiz gənclərin Azərbaycanın qələbəsi naminə informasiya savaşına qoşulmasıdır. Bu layihə çərçivəsində BİRA İctimai Birliyinin 5 dildə fəaliyyət göstərən Karabakh Today saytı da təkmilləşdiriləcək”.

Z.Qəriboğlu tarixə ekskurs edərək bildirib ki, Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddəaları pozulub, Azərbaycan əraziləri ermənilərə bağışlanıb. Konkret faktlara müraciət edən layihə rəhbəri vurğulayıb ki, təmsil etdiyi təşkilat tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək: "Cəmiyyət olaraq, informasiya müharibəsinin vacibliyini dərk edəriksə, dünyaya da haqq səsimizi çatdıra bilərik. Təbii ki, düşmən bu mübarizəyə bizdən çox əvvəllər başlayıb. Məhz bu səbəbdəndir ki, onlar informasiya sahəsində ixtisaslaşaraq, fəaliyyət göstərirlər. Amma buna qarşı mübarizə aparmaq heç vaxt gec deyil, hər anın bir hökmü var. Bu üzdən də cəmiyyətin toplu şəkildə bu mübarizədə dövlətimizin yanında olmasını təmin etmək məhz, qeyri hökumət təşkilatlarının, media qurumlarının üzərinə düşür. Bizlər Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək, ciddi və doğru maarifləndirmə işləri apara biləriksə, bu, bizim növbəti qələbəmizin başlanğıcı ola bilər. Bu mənada "İrəvansız 100 il” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini də vacib hadisə hesab edirik”.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas da tədbirdə çıxış edərək, İrəvan xanlığının tarixindən, qədim Azərbaycan şəhəri İrəvanın intibah dövründən söhbət açıb. O, Prezident İlham Əliyevin öz çıxışlarında İrəvan şəhərinin tarixi Azərbaycan torpağı olmasını xatırlatdığını diqqətə çatdırıb. Bildirib ki, vaxt gələcək Silahlı Qüvvələrimizin rəşadəti hesabına üçrəngli, ay-ulduzlu bayrağımız Dağlıq Qarabağda, işğal altındakı digər ərazilərimizdə dalğalanacaq, tarixi torpaqlarımız üzərində tam nəzarət yenidən özümüzə qayıdacaq.

Tədbirin sonunda İrəvan xanlığının tarixindən bəhs olunan filmə baxış olub.

https://525.az/site/?name=xeber&news_id=99206#gsc.tab=0

09.05.2018
  •