Boynuyoğunluq etmək istəyən hər kəs öz qarşısında onu görürdü- Əli Laricanı
“Ölkədə baş verənləri görüb təəssüf hissi keçirməmək mümkün deyil. Bəzi fikirləri eşidəndə öz-özümə deyirəm, Allah Hacı Qasımı (general Qasım Süleymanını) çox istəyirdi ki, aramızdan getdi. Baş verənlər həqiqətən insanın ürəyini ağrıdır. Ayətullah Xamneyi İnqilabdan əvvəldən, 60 il diktatorluq uğrunda mübarizə aparıb. Bu dövrdə də - İnqilabdan sonrakı dövrdə də mən, onun diktatorlar kimi davrananların qarşısında necə dayandığının şahidi olmuşam. Boynuyoğunluq etmək istəyən hər kəs, öz qarşısında onu görürdü.”
Bu sözləri İranın keçmiş İslami Şura Məclisinin (milli məclisin) rəisi Əli Laricanı, İran televiziyasının 1-c kanalına verdiyi müsahibədə deyib.
Qeyd edək ki, Əli Laricanı fəlsəfə üzrə elmlər doktorudur. O, İran inqilabının bünövrəsini qoyanlardan biri, 1-ci İnqilab Şurasının rəisi olmuş Murtəza Mutəhhərinin kürəkənidir. Demək olar İran rəsmiləri içərisində danışığını bilən və min ölçüb, bir biçərək danışan nadir şəxslərdəndi. Onun danışığında səhvə yol verməsi, əgər bilərəkdən olmasa, nadir hadisədir.
Əli Laricanın Qasım Süleymani haqqında verdiyi müsahibəsi İranda baş verən son olaylar fonunda olduqca önəmlidir. Son zamanlar səssiz qalan və baş verən hadisələr barədə susmağı tərcih edən “xəvass”lar (İranda yaxın hesab edilən yüksək rütbəli şəxslərə verilən ləqəbdir) əleyhinə çoxlu tənqidlər səslənirdi. Sözsüz ki, bunların biri, bəlkə də birincisi, məhz Əli Laricanı olardı. Əli Laricanı uzun müddət İranın Radio və TV Təşkilatının rəisi olub. Prezident seçkiləri ilə bağlı istefa verməli olub və uğur qazana bilmədikdən sonra Xamneyinin fərmanı ilə Milli Təhlükəsizlik Şurasının katibi olub. Sonra uzun müddət Məclisin spikeri, eyni zamanda bir neçə ölkə əhəmiyyətli şuranın üzvü olub. Onun prezident seçilmək üçün sonuncu cəhdinin qarşısını Konstitusiya Keşikçiləri Şurası alıb. O vaxtdan etibarən heç bir ictimai yığıncaqda iştirak etməyib. İranda alovlanan və getdikcə daha da dərinləşən son hərəkatlar rejimi olduqca zəiflədib və bir zaman qapısından qovduğu fiqurların ayağına getməli olub. Bunlardan biri də sözsüz ki, Əli Laricanıdır.
Laricanı verdiyi müsahibəsində “Ayətullah Xamneyi İnqilabdan əvvəl 60 il diktatorluq uğrunda mübarizə aparıb.” fikri Xamneyinin diktator olmağını bir daha təsdiqləyir. Əli Xamneyi 1939-cu ildə anadan olub. İnqilab 1979-cu ildə baş verib və həmin ildə onun 40 yaşı olub. İlk baxışda onun İnqilabdan əvvəl 60 il mübarizə aparmağı ola bilər səhv olsun. Lakin qarşımızda adi bir insan yox söz sərrafı, sözlərini bir-bir seçib sapa düzən, savadlı Laricanıdırsa, onda, belə bir həssas dövrdə bu dərəcədə əhəmiyyətli müsahibədə səhvə yol verməsi absurddur. Əgər Laricanı 1979-cu ildə baş verən inqilabı nəzərdə tutmursa onda hansı inqilabdan söhbət gedir? Düşünmək olar ki, Laricanı bilərəkdən bu kəlməni seçib. Laricanı, həm də, diktatorluğa qarşı yox “diktatorluq uğrunda” ifadəsini bilərəkdən seçib desək yanılmarıq. Əgər Xamneyi mübarizəni 20 yaşından başlamış olsa 60 ildən sonra onun 80 yaşı olmalıdır – Xamneyinin bu yaşına çatanda bir çoxunun, o cümlədən Laricanının özünün, inqilab süfrəsindən kənarlaşdırdı. Laricanını gözündə inqilab məhz həmin il baş verib – başqa sözlə desək həmin ilə qədər onlar diktatorluğun baş tutmasına mane olublar. Yəni 60 il mübarizə aparıb və sonunda istəyinə nail olub.
Laricanı daha sonra əlavə edir: “bu dövrdə də - İnqilabdan sonrakı dövrdə də, mən yaxından onun diktatorlar kimi davrananların qarşısında necə dayandığının şahidi olmuşam. Boynuyoğunluq etmək istəyən hər kəs öz qarşısında onu görürdü.” O, bununla demək istəyir ki, Xamneyi qarşısında duran hər kəsi aradan götürdü yaxud susdurdu.
Bütün bunların fonunda bu nəticəyə gəlmək olar ki, “Xəvass”-ın susqun qalmaları daha məqsədəuyğundur nəinki danışmağa məcbur edilmələri.
"Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin analitik qrupu