Bir gün bizlər Azərbaycan dilində yazıb, oxuyacayıq

Bir gün bizlər Azərbaycan dilində yazıb, oxuyacayıq

“Canım atam! Qarabağ işğaldan azad olduğu gün Azərbaycanın dövlət himnini uca səslə evdə yayıb, heç bir zaman susmayan atam, himnə hörmət olaraq, əlini ürəyinə qoyub səssizcə dayandı sanki heç nəfəs belə almır və ya damarlarında bütün qan donub durdu – axan sadəcə sevinc göz yaşları idi. Uca səslə, “Azərbaycanın şəhidləri bizim şəhidlərimiz, sevinci sevincimiz və düşmənləri bizim əbədi düşmənimizdir” - deyə bütün varlığı ilə fəryad etdi.

O əmin idi ki, bir gün bizlər Azərbaycan dilində yazıb oxuyacayıq və səbirsizliklə həmin günü gözləyir, bir gün belə ümidini itirmirdi.

Atam Prezident Ərdoğanın vurğunu idi. Ağır xəstəlik onu yatağa bağlasa da, “Ərdoğanı bir gün görsəm yəqin ki, hörmətinə ayağa qalxaram və artıq canımda heç bir ağrı-azar qalmaz” – diyə öz sevgisini bildirdi. 44 günlük vətən müharibəsi dövründə Prezident Ərdoğana xitabən deyirdi: “sən gəl, biz də gələrik, azdan az gedər çoxdan çox ....”.

İstər işdə istərsə də dincəldiyi vaxtlarda məqalələr və təhlillər yazar, heç bir zaman yorulmazdı. Bütün vücudunu bürümüş Azərbaycan və türk millətinə olan sevgisi yorğunluq və ümidsizliyə heç bir yer buraxmamışdı.

“Şuşaya həsr olunan yazı”sında türk dünyasının böyük lideri Ərdoğan barədə yazmışdı: “Ərdoğan da Tanrının yaratdığı məxluqdur, o da xəstələnə, qocala və dünyanı tərk edə bilər – lakin onun getməsi başqa bir getmək olar ....”

Bu günlər atamın bu yazısını bir daha oxudum, o həmin yazıda, sanki, Ərdoğan obrazında özünü təsvir etmişdi – o öz sağlamlığını belə öz xalqına, türk millətinə, qurban verdi. Atam dünyadan getsə də tarix onu unutmayacaq – onun getməyi başqa bir getmək idi.

Atamın bizə etdiyi son vəsiyyəti belə idi: “məzarım üstə Azərbaycan bayrağı qoyun ki, ruhum dincəlsin.

” Vəsiyyətini yerinə yetirdim ata can! Torpağa tapşırıldığın gecəni səhərə qədər göz yaşı tökərək məzarın üstə qalıb bayrağın keşiyində durdum – dedim heç olmasa bir gecə belə ruhun dincəlsin.

Qızın - S. Şahbazı”

Bu sözləri güneyli milli fəal, artıq Tehran şəhəri ilə birləşmiş Kərəc şəhərinin sakini “Xocalı” ləqəbi ilə tanınan rəhmətlik “Əli Əfsər Şahbazı”nın qızı yazıb. Təəssüf ki, son günlər Əli Əfsər Şahbazını itirdik. O Azərbaycana gəlməyə qərar versə də, xəstəlik onu ayaqdan yatağa saldı, sonunda da canını aldı və bu istəyi ürəyində qaldı. O əslən türk millətindən olan lakin asimilə olmuş həyat yoldaşının ürəyinə yenidən Azərbaycan sevgisini oyatmaq üçün, onu Babək Qalası, Urmu Gölü və Azərbaycanın digər dilbər guşələrinə apardı və sonunda istəyinə nail oldu. Xocalı balalarını da, özü kimi, döyüşkən azərbaycanlı tərbiyə edib özündən gələcəyə ləyaqətli yadıgar qoydu. Əli Əfsər Şahbazı bəziləri kimi tanınmış olmasa da ürəyində Azərbaycan məhəbbətini bəsləyən Tehranda və ətrafında yaşayan on min, bəlkə də, yüz min azərbaycanlılardan biri idi. Onlardan bəziləri ürək sözlərini qələmə ala bilməsə də, ürəklərində türk dünyası və Azərbaycan millətindən başqa heç bir sevgi yoxdur. Xocalının “Telegram” sosial şəbəkəsində “İmza (امضا “)adlı kanalını əgər siyasət ensiklopediya adlandırsaq yanılmarıq yəqin. İllər öncə qoyduqları proqnozların bir çoxu artıq indi yaşadığımız reallıqlardır.

Rusiyanın Ukrayna etdiyi hücumun ilk günlərində Xocalı yazır:

“1.Bildiyiniz kimi ruslar Ukrayna millətini məğlub etmək üçün ən ağır cinayətlərə əl atacaqlar. Onlar çox yaxşı bilirlər ki, müharibə əgər uzanarsa xarici ölkələrdən yardımlar gələcək, digər tərəfdən də, Rusiyanın iqtisadiyyatı zəifləməsi ilə paralel olaraq, hakimiyyətin daxildə olan mövqeyi də zəif olacaq. Üstəlik, cəbhədə həlak olan əsgərlərin cəsədləri vətənə qayıdanda arxa cəbhədə sözün əsil mənasında sarsıntı yaşayacaq ....

2. Lavrovun dünyanı nüvə silahı ilə hədələməsi sırf olaraq Moskvanı bürümüş qorxudan irəli gəlir ...

3. Nüvə silahı, sözsüz ki, istifadə üçün yaranmayıb – ikinci dünya müharibəsində də ABŞ-dan başqa digər bir ölkə bu silaha yiyələnmiş olsaydı yəqin o da istifadə etməzdi .....

4. Dünya əgər nüvə silahından qorxsaydı dünya indi Putinin olmalı idi - çünki o qarşısında duran hər kəsi, hətta kiçik bir sanksiya tətbiq edən ölkəni də, nüvə silahı ilə hədələyərək öz istəyinə nail olacaqdı ....

5. Putin Kiyevi ələ keçirsə belə ABŞ-ın Vyetnamda və SSR-nin Əfqanıstanda əldə etdiyindən artığına nail ola bilməyəcək ....

7. İndi İran kimi ölkələrə özlərini Rusiyanın təsirindən qurtarmaq üçün tarixi bir fürsət yaranıb – üzümüzə gələn 50 il ildə heç bir rus başçısı Putinin atdığı səhv addımı bir daha təkrar etməyəcək ki, müstəmləkələrinə də onda bir şey çatsın ....”

Xocalı, türk dünyasının böyük lideri, Qarabağ müharibəsinin qalib sərkərdəsi, Azərbaycan millətinin fəxri, Prezident İlham Əliyev, barədə belə yazır:

- “Rus kəşfiyyatı dayanmadan gecə-gündüz ona təzyiq göstərir və hədələyir ...

- Ermənilər onu Bakı diktatoru adlandırırlar ...

- Pan İrançılar onun paytaxtını işğal etmək xülyasını bişmiş başlarından bir an belə atmırlar....

- Bütövlükdə türk dünyasını özlərinə düşmən sanan bəzi qonşular İsraillə dostluq etdiyinə görə ona qarşı təhdid dolu mesajlar yağdırır ....

- Qonşu ölkələr öz casus və diversant qruplarını sabitliyi pozmaq üçün onun paytaxtına göndərirlər ...

- Putinin bir gözü daima onu güdür ...

- Rusiyanın Ukraynaya qarşı etdiyi təcavüzdə Ukrayna xalqına tam dəstək göstərir ...

-  44 günlük müharibədə biri-biri ilə ziddiyyətli siyasət yürüdən Moskva, Ankara, Tel-Əviv və London kimi tərəfləri öz xeyrinə səfərbər etməyi bacardı ....

- O Azərbaycanın Prezidenti, ulu öndər Heydər Əliyevin oğludur və Putinin gücünün nə yerdə olduğu hamıya bəlli olandan sonra artıq hücum siyasətinə keçəcək və hamımız bunun şahidi olacayıq ....

- Müxalifət, Putin Rusiyası, Ermənistan, Fransa, ABŞ və bir çoxları ürəklərində ona düşmənçilik bəsləsələr də hamısı onunla dost olmaq və ona təriflər yağdırmaq məcbururiyyətindədir ...

.....

Fikirlərin  aktualğını nəzərə alsaq çoxları bu yazıların elə bu gün qələmə alınmasını təsəvvür edə bilər. Bu ön görən soydaşımızın onlar belə proqnozları artıq indi şahidi olduğumuz reallıqlara çevrilib. Tehran şəhəri və artıq onun bir hissəsinə çevrilmiş Kərəc kimi şəhərlərdə hal-hazırda 10 milyona yaxın Azərbaycan türkü yaşayır. Az qala Təbriz qədər əhalısı olan Tehranın bəzi şəhərciklərində artıq Azərbaycan türkcəsi ünsiyyət dilidir və lazım gələndə farsca danışırlar. Tehranın bazarı və onun ətrafında fəaliyyət göstərən topdan satış mərkəzilərində olan mağazaların da böyük əksəriyyəti türklərə məxsusdur. İstənilən baxış bucağından baxsaq Tehran dünyada Azərbaycan türklərinin yaşadığı ən önəmli şəhərdir. Əgər belədirsə, onda gəlin birinci önəmi məhz Tehrana və həmin şəhərdə yaşayan Azərbaycan türklərinə verək. Belə əhəmiyyətli bölgə Azərbaycanın istənilən meyarla çəkilən xəritəsindən kənarda qalmamalıdır.

Altay Avşar

16.01.2023
  •