“İrəvansız 100 il” layihəsinə start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi layihənin icrasına start verib
Təşkilatın sədri Zaur Qəriboğlunun verdiyi məlumata görə bu işə 2016-cı ilin mayından başlanılıb. Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkilat tərəfindən iravan.2018.com ensklopedik portalı yaradılıb.
Bu layihə də bunun davamı olaraq, 29 may 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinin 100 illiyini cəmiyyətdə gündəmə getirmək, “İrəvansız 100 il” adı altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olmasına çalışmaqdır. Qeyd edək ki, iravan.2018.com saytı ilə yanaşı BİRA ictimai birliyinin 5 dildə fəaliyyət göstərən Karabakh Today saytı da bu layihə çərçivəsində təkminləşdiriləcək.
“Bu layihədə qarşımıza qoyduğumuz əsas məqsəd, Azərbaycan torpaqlarına iddia edən Ermənistanın əslində, paytaxt kimi istifadə etdiyi İrəvan şəhərinin belə, tarixi Azərbaycan torpağı olduğu halda, Qarabağa necə iddia edə bildikləri sualını cəmiyyətin əsas fikrinə çevirmək, informasiya müharibəsində hərbi qulluqçularla birgə cəmiyyətin də dövlət maraqlarından çıxış etməsinə nail olmaq, eyni zamanda, sosial şəbəkə istifadəçilərinin internet məkanında Azərbaycan maraqlarını müdafiə etməsinə dəstək olmaqdır. Əsas hədəfimiz gənclərin Azərbaycanın qələbəsi naminə informasiya savaşına qoşulmasıdır” – deyə layihə rəhbəri qeyd edib.
2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə bağışlanıb.
“Düşünürük ki, bu maarifləndirmə tədbirləri ilk olaraq, özümüzdən, öz gəncliyimizdən, öz cəmiyyətimizdən başlamalıdır ki, internet məkanında və dünyanın bir çox beynəlxalq təşkilatlarında da düşmənə qarşı əsaslı mübarizə apara bilək. ” – deyən, layihə rəhbəri onu da qeyd edib ki, təşkilat tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək. Belə ki, cəmiyyət olaraq, informasiya müharibəsinin vacibliyini dərk edəriksə, dünyaya da haqq səsimizi çatdıra bilərik. Təbii ki, düşmən bu mübarizəyə bizdən çox əvvəllər başlayıb. Məhz bu səbəbdəndir ki, onlar informasiya sahəsində ixtisaslaşaraq, fəaliyyət göstərirlər. Amma heç vaxt gec deyil, hesab edirik ki, hər anın bir hökmü var. Bu üzdən də cəmiyyətin toplu şəkildə bu mübarizədə dövlətimizin yanında olmasını təmin etmək məhz, QHT – lərin, media qurumlarının üzərinə düşür. Bizlər Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək, ciddi və doğru maarifləndirmə işləri apara biləriksə, bu bizim növbəti qələbəmizin başlanğıcı ola bilər. Çünki hazırda ölkəmizdə ideoloji işə çox az yer ayrılır. Hansı ki, bütün sahələrdə naliyyətin əldə olunmasında əsas rolu məhz, ideoloji iş tutur. Bu üzdən də “İrəvansız 100 il” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib hesab edirik. (reaksiya.az)
pia.az