"Kimlərisə “jurnalist” adıyla ölkəyə gətirib, cəbhə bölgəsində gəzdirməklə, informasiya müharibəsi aparmaq olmaz"
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin sədri Zaur Qəriboğlu informasiya müharibəsində Azərbaycanın rolu barədə yeni yaranan “esgerbloqcular” saytı üçün müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
-Zaur bəy, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları yəqin ki, yaxından izləyiriniz. Təəssüf ki, illərdir davam edən danışıqlarda ciddi irəliləyiş müşahidə edilmir. Sizin bununla qənaətləriniz nədir?
– Təbii ki, yaxından izləyirik. 25 il də danışıq olar?! Ermənistan rəsmən işğalçılıq siyasətinə davam edir. Mənə görə problemin qoyuluşu yanlışdır. Biz illərdir bu problemə “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” deyirik. Dəfələrlə bu haqda bildirmişəm ki, münaqişə iki qonşu arasında söz davasından yarana bilər. Bu problemin bir adı var: Ermənistan Azərbaycana silahlı təcavüz edərək, torpaqlarımızı işğal edib. Eyni zamanda etnik təmizləmə əməliyyatı apararaq, “Türk” deyərək, həmvətənlərimizi soyqırıma məruz qoyub, öz əzəli torpaqlarından didərgin salıb. Bu gün Suriya probleminə, miqrantlarına görə bütün dünya ayağa qalxıb. Lakin 25 ildən yuxarıdır ki, bir milyondan çox insan heç bir günahı olmadan, məhz, etnik mənsubiyyətinə görə öz evindən didərgin salınıb. Xocalı, Qaradağlı və digər buna bənzər soyqırımlar kifayət edir ki, problemin adını düzgün qoyaq. Bu üzdən də biz ermənilərin öz istəkləri ilə işğal etdikləri torpaqları geri qaytaracaqlarına inamımız azdır. Çünki bu monoetnik dövlətə işğalçılıq siyasəti yürütdüyü üçün heç bir beynəlxalq təpki və sanksiya da verilmir. Azərbaycanı insan haqlarının pozulmasında, söz azadlığının yoxluğunda ittiham edərək, sanksiyalarla hədələyən “ədalətli dünya” bir milyondan çox insanın taleyini düşünmür.
– Bu gün dünyada informasiya müharibəsi gedir. Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan erməni informasiya təxribatının qurbanına çevrilib. Azərbaycan informasiya müharibəsində fəal iştirak edirmi?
– 1992-93 – cü illərdə biz səngərdə torpaqlarımız uğrunda mübarizə apararkən, hiyləgər erməni eyni zamanda informasiya müharibəsinə də hazırlaşırdı. Təsəvvür edin ki, Azərbaycanın işğal olunmuş ərazilərinin adıyla bağlı nə qədər domen adları varsa, hamısını alıblar. Bu gün siz Qarabağla bağlı hər hansı bir elektron mənbə yaratmaq istəsəniz, domen adı tapmaqda çox çətinlik çəkəcəksiniz. Çünki hiyləgər düşmən bunların hamısını zamanında alıb. Həmçinin bilirsiniz ki, dünyanın ən böyük elektron axtarış sistemi “Google”dir. Siz bu sistemdə ingilis və digər xarici dillərdə “Ermənistan – Azərbaycan” yaxud “Qarabağ” sözlərini yazarsınızsa, ilk sizə təqdim olunan düşmənin mənbələri olacaqdır. İnsan psixologiyası da elədir ki, beyinə ilk ötürülən siqnal nədirsə, onu qəbul edir. Ondan sonra nə qədər informasiya yükləyirsən, yüklə, o, daha çox ilk mənbəyə inanacaq. Acı da olsa deyəcəyəm ki, ölkəmizdə baxmayaraq ki, cənab prezident İlham Əliyev 2015-ci ildə Milli Mətbuat Günündə jurnalistlərlə görüşündə: “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” – demişdi, bu sahədə barmaqla sayılacaq qədər internet resurslarını saymasaq, demək olar ki, sistemli iş getmir. Bilirsiniz, gündə bir bloggeri, fotoqrafı, nə bilim kimlərisə “jurnalist” adıyla ölkəyə gətirib, cəbhə bölgəsində gəzdirməklə, informasiya müharibəsi aparmaq olmaz. Bəzi QHT və media qurumlarımız özləri belə “İnformasiya müharibəsi” ifadəsini düzgün qavramır. Elə bilirlər ki, öz saytlarımızda ermənini söyməklə informasiya müharibəsi aparırıq. Əslində, bunun özü belə əleyhimizə işləyən mexanizimdir. İnformasiya qələbənin əlli faizini təmin edir. Gərək, bu işlə elə həssas və sistemli işləyəsən ki, düşmənin bütün informasiya blokadasını yarasan. Təəssüflə qeyd edirəm ki, bu gün biz bu işdə çox zəifik və hətta deyərdim ki, naşıyıq.
– Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir milyona yaxın vətəndaşımız öz torpaqlarından məcburi köçkün düşüb, bu yerlərdəki milli-mənəvi və maddi-mədəniyyət abidələri yerlə-yeksan edilib. Bu barədə həqiqətlərin dünyaya çatıdırılmasında diasporanın və vətəndaş cəmiyyətinin gördüyü işləri necə dəyərləndirirsiniz?
– Baxın, yuxarıda danışdığımız mövzunun davamı da bu sualdır. İnformasiya müharibəsi təkcə adında “informasiya” sözü var deyə, internetdə aparılmamalıdır. Ermənilər 100 ildir ki, informasiya müharibəsi aparırlar. 100 il öncə də internet yox idi ki… Elə diaspor və vətəndaş cəmiyyətlərinin də fəaliyyəti informasiya müharibəsidir. Lakin, bizdə ümumilikdə bu anlayış düşməndən 100 il gec qavrandığı üçün bu sahədə də sistemli iş yoxdur. Amma biz deyə bilmərik ki, heç kim işləmir, heç bir iş görülmür. Təbii ki, iş var, görülür, amma hesablanmış görülmür. Bu elə bir işdir ki, bir növ loru desək, informasiya müharibəsi məntiq və riyaziyyat işidir. Burda məntiqlə düşünüb, riyazi dəqiqliklə çalışmalısan. Ondan sonra hər hansısa ciddi nəticəni görə bilərsən. Təəssüflə deyirəm ki, biuz ancaq hesabat xarakterli tədbirlər keçiririk. Bununla da heç bir qələbə əldə etmək olmaz. Məsələn, “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kompaniyasını son illərin informasiya müharibəsində ən böyük qələbəsi hesab etmək olar. Baxın, 25 il idi ki, diaspora, QHT və media qurumları işləyirdi, ortada nəticə yox idi. Məhz, Leyla xanımın başlatdığı bu kompaniyanın nəticəsində dünyanın bir neçə ölkələri, ABŞ – ın bir neçə ştatı Xocalını soyqırım kimi qəbul etdi.
-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problem ilə bağlı hansı maarifləndirmə işləri həyata keçirilib və bu işləri necə dəyərləndirirsiniz?
– Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. O vaxta qədər də iş görülürdü, amma məhz, Şura yaradıldıqdan sonra hər qrant müsabiqəsində bu məsələyə xüsusi həssaslıqla yanaşılır, Qarabağla bağlı demək olar ki, bütün layihələr maliyyələşdirilir. Şuranın ayırdığı maliyyə ilə az da olsa, QHT-lər Qarabağla bağlı maarifləndirmə işləri aparırlar.
– BİRA ictimai birliyinin yaranmasının məqsədi və təşkilatın gördüyü işlər barəsində məlumat verməyinizi xahiş edirik.
– Təşkilatımız 20 aprel 2016 – cı ildə təsis edilib, 29 iyun 2016 – cı ildə də Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. Təşkilata qədər də biz Azərbaycanda Qarabağla bağlı ilk elektron jurnal olan “Karabakhinfo.com”u 2011 – ci ildə AVCİYA – nın prezidenti, millət vəkili Elxan Süleymanovun maliyyə dəstəyi ilə yaratmışdıq. Daha sonra 2015 – ci ildə e-jurnal maliyyə çatışmamazlığı üzündən fəaliyyətini dayandırdı. Ardınca biz boş durmayıb, öz gücümüz çərçivəsində 5 dildə “Karabakh.Today” və “Reaksiya.az” informasiya portallarını yaratdıq. “Google”nin “Google Map” əlavəsində Azərbaycan ərazilərinin ermənilərin təqdim etdiyi saxta adlarla təqdim olunmasına etiraz olaraq, petisiya keçirdik. Həmin vaxt da dəstəyimiz olmadığı üçün məsələ nəticəsiz qaldı. Təsəvvür edin, millət vəkilləri var idi ki, yalvarırdıq ki, sizin facebookda izləyiciləriniz çoxdur, bu petisiyanı imzalayın, paylaşın ki, sizdən çox adam görüb, qoşula bilsin, onlar bizə cavab vermirdilər. Hamısı oturub, gözləyir ki, kimsə yuxardan bunlara tapşırıq versin, ondan sonra nəsə etsinlər. Bu adamlar dərk etmir ki, milli məsələlərdə yuxarıdan tapşırıq gözləmək lazım deyil, milli dava xatirinə birlik nümayiş etdirib, düşmənə qarşı mübarizə aparmaq lazımdır. Bu kimi heç bir maddi və mənəvi dəstək olmadan layihələrimiz olub. Sonuncu işimiz hələ ki, 2017 – ci ilin I qrant müsabiqısində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfiondən “İrəvan2018 portalının yaradılması” layihəsi olub ki, 3 dildə iravan2018.com portalı yaratmışıq. Davamlı olaraq da portal üzərində təkminləşdirmə işlərini davam etdiririk. Bilirsiniz, çox adamlar elə bilirlər ki, bizim hardansa gəlirimiz var, maliyyəmiz var. Xeyir, biz bu işlərin hər birini öz gücümüz hesabına, boğazımızdan kəsərək, edirik. Hətta bizim saytlar şirkətlərdən reklam da ala bilmir. Yenə, reklam ala bilsəydik, ən azından, ofis kirayələyə bilər, saytların illik domen və hostinq haqlarını ödəyə bilərdik. İşçi qüvvəmiz olmadığı üçün saytlarımızın IP göstəriciləri də ürək açan deyil. Amma hır zaman demişəm ki, informasiya müharibəsində, milli işdə IP dalınca qaçmaq olmaz. Bizim faciəmiz ordadır ki, bu sahədə də kəmiyyət düşünürük. Bu üzdən də keyfiyyət əldə edə bilmirik. Amma bütün bu çətinliklərə baxmayaraq, illərdir maaşsız, gəlirsiz bizimlə çalışan, özünü informasiya müharibəsində Azərbaycanın haqlı davasına adamış fədakar, ixtisaslaşmış komandamız var. Son olaraq, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin yaranma səbəbi də məhz, informasiya müharibəsində ixtisaslaşmış təşkilat olaraq fəaliyyət göstərmək olmuşdur. Hələ yeniyik, çox işləmək istədiyimiz uğurlu layihələr, işlər var. Nəsib olarsa, həmişə olduğu kimi görəcəyimiz işlərlə dövlətimizə, millətimizə xidmət edəcəyik.