Salman Mümtaz kimdir?

Salman Mümtaz kimdir?

Dostlarla axşam gəzintisindən gəlib, ofisdə oturub, 40 il xatirəmiz yaşasın deyə, qəhvə içərək, Azərbaycanın tarixindən, görkəmli şəxslərindən söhbət edirdik. Birdən dəyərli dava yoldaşım Ramin Kolçak digər dostumuz olan Miranar Bəhramzadədən soruşdu ki, Salman Mümtazı tanıyırsan? Miranarın cavabını gözləmədən, dedim, dostlar, gəlin, bir neçə dost-tanışdan soruşaq, görək, tanıyan varmı Salman Mümtazı?! 

Jurnalist, ədəbiyyatçı və digər sahələrin mütəxəssisi olan dostlarımdan, tanışlarımdan sorub-soruşdurdum.

Təəssüflə deyim ki, barmaqla sayıla biləcək bir iki nəfərdən başqa heç kim 57 illik ömrünü Azərbaycan elminə, ədəbiyyatına həsr edən, 1937 - ci ildə repressiya qurbanı olub, 1941-ci ildə Rusiyanın Oryol şəhərində güllələnərək, ömrünü millətinə bağışlayan dühanı tanımadı...

Hələ, bir az da irəli gedib, dostlara yarı zarafat, yarı ciddi: "Deyirlər, çox vaxt Əlyazmalar İnstitutunda olur" dedim, yenə də tanıyan olmadı.  Ağlamalısı odur ki, dostlarımızın içindən: " O kimdir, müğənnidir? Deyəsən, Nuri ilə də dueti var" deyənlər də oldu... Hətta biri də dedi ki, sabah şou-biznes əhlinin iştirak edəcəyi tədbirə dəvətliyəm, orda olacaq, lazımdırsa, tutub, gətirim ofisə...

Bu cür görkəmli şəxsiyyətin adi bir müğənni, şou-biznes nümayəndəsi qədər belə tanınmaması məni sarsıtdı.

Ramin Vikipediyada Salman Mümtaz haqqında məlumatları oxumağa başlayanda, məlum oldu ki, 1884-cü ildə anadan olan görkəmli Azərbaycan ədəbiyyatşünasının doğum günü bu gün - 20 may imiş... Xeyli, səssiz, ağır-ağır nəfəs alaraq, yerimdə qaldım. Bu nə idi, hansı qüvvə məhz bu gün - doğum günündə Salman Mümtazı bizə xatırlatdı?! Demək ki, hər hansısa bir qeyri-adi qüvvə var. Var ki, unudulmaqda olan bu dahi Azərbaycan dühasını bizə xatırlatdı. Sözün bitdiyi yer... Salman Mümtaz haqqında heç nə yazmayacağam. Tanımaq istəyənlər, həyatları boyunca bəlkə də, neçə dəfələrlə qarşısından keçdikləri Azərbaycan Milli Elmlər Akademiyasının Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə baxa, araşdırma aparıb, öyrənə bilərlər. Dəyərli dostlarım, bir şeyi unutmayaq, keçmişinə sahib çıxmadan, gələcəyə gedə bilməzsən. Bu gün Salman Mümtazın 133 illiyidir. Tanrı məkanını uçmaq etsin, millətimizin yaddaşında yaşatsın. Hər kəsə sayğılarımla...

Zaur Qəriboğlu

20.05.2017
  •