525-ci Qəzet- “İrəvan–2018” Dillər Universitetində ictimai müzakirə keçirdi

525-ci Qəzet- “İrəvan–2018” Dillər Universitetində ictimai müzakirə keçirdi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib gələn “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) ictimai müzakirələrə start verib. 

Mayın 8-də BİRA-nın növbəti görüşü Azərbaycan Dillər Universitetində olub. Tədbiri giriş sözü ilə açan BİRA sədri Zaur Qəriboğlu təşkilatın fəaliyyətindən, “İrəvan–2018” hərəkatının gördüyü işlər barədə məlumat verib. O, layihənin aktullığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, müasir dünyada informasiyanın gücündən söz açıb: “Bütün qələbələrin 50 faizi məhz informasiya müharibəsində qazanılır. Bu gün Azərbaycanın güclü ordusu, dəyanətli Ali Baş Komandanı var. Ordumuz səngərdə, ölkə başçımız isə siyasətdə öz sözünü qətiyyətlə deyir. Amma bununla yanaşı biz düşmənin yüz ildir məşğul olduğu informasiya müharibəsində onların yalan dolu təbliğatlarına qarşı öz həqiqətlərimizlə, sənəd və faktlarımızla mübarizə aparmalıyıq”.

Ermənilərin bütün dünyanı aldadaraq, özlərini “yardımsevər”, “sülhsevər” xalq kimi qələmə verdiyini deyən Z.Qəriboğlu bildirib ki, onlar tarix boyu Azərbaycana qarşı torpaq iddiasında olub, millətimizə qarşı müxtəlif illərdə soyqırımı həyata keçirərək, işğalçılıq siyasəti aparıblar: “Prezident İlham Əliyevin “Biz hamımız yaxşı bilirik ki, İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimai dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır”. Layihə rəhbəri qeyd edib ki,“İrəvan–2018” portalının əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və digər ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir.

Daha sonra çıxış üçün söz “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbasa verilib. O da öz növbəsində erməni diasporasının xaricdə apardığı informasiya təbliğatından bəhs edərək tədbirə toplaşan tələbələri dil biliklərindən istifadə edib bu mübarizədə birliyə yaxından dəstək olmağa çağırıb.

Sonda bir qrup tədbir iştirkaçısı informasiya müharibəsində iştirak etmək üçün “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin üzvlüyünə qəbul olunub.

http://525.az/site/index.php?name=xeber&news_id=78812

08.05.2017
  •