Gununsesi.info- “İrəvan-2018” Azərbaycan Dillər Universitetində ictimai müzakirə keçirib

Gununsesi.info- “İrəvan-2018” Azərbaycan Dillər Universitetində ictimai müzakirə keçirib

Mayın 8-də “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) Azərbaycan Dillər Universitetində  görüş keçirib.

Gununsesi.info-nun xəbərinə görə, tədbirdə BİRA-nın sədri Zaur Qəriboğlu təşkilatın fəaliyyətindən, “İrəvan-2018” hərəkatının gördüyü işlər barədə məlumat verərək, Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihənin aktullığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, müasir dünyada informasiyanın gücündən söz açaraq qeyd edib ki, gərək, qəbul edək ki, bütün qələbələrin əlli faizini, məhz, informasiya müharibəsində qazanırsan: “Bu gün Azərbaycanın güclü Ordusu, dəyanətli Ali Baş Komandanı var. Ordumuz səngərdə, ölkə başçımız isə siyasətdə öz sözünü qətiyyətlə deyir. Amma bunla yanaşı olaraq, düşmənin yüz ildir məşğul olduğu informasiya müharibəsində – onların yalan dolu təbliğatlarına qarşı biz öz həqiqətlərimizlə, sənəd və faktlarımızla mübarizə aparmalıyıq. Hansı ki, ermənilərin əllərində heç bir əsas, sənəd olmadan bütün dünyanı aldadaraq, özlərini “yardımsevər”, “sülhsevər” xalq kimi qələmə verə biliblər. Hansı ki, tarixboyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Cənab prezidentin “Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”  fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur  ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimaiyi dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Layihə rəhbəri  qeyd edib ki, “İrəvan2018” portalının əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s. ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir.

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas isə qeyd edib ki, erməni diasporasının  xaricdə apardığı informasiya təbliğatının qarşısını almaq üçün səylərimizi birləşdirməliyik.  O,  tədbirdə  iştirak edən tələbələri dil biliklərindən istifadə edib, bu mübarizədə birliyə yaxından dəstək olmağa çağırıb.

“İrəvan-2018” layihəsinin aparıcı mütəxəssisi Qədir Nəsirov də tələbə gəncləri informasiya müharibəsində birliyə qoşularaq dəstək olmaya səsləyib.

Tədbirin sonunda tədbir iştirakçılarının əksəriyyəti  informasiya müharibəsində iştirak etmək üçün “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin üzvlüyünə qəbul olunaraq, könüllü fəaliyyət göstərmələri üçün təşkilat sədrinə müraciət ediblər.

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin kollektivi görüşün təşkil olunmasında yaxından köməklik göstərmiş Azərbaycan Dillər Universitetinin rektorluğuna təşəkkür edib.

Gülnaz Qənbərli

Gununsesi.info

 

http://www.gununsesi.info/ir%C9%99van-2018-az%C9%99rbaycan-dill%C9%99r-universitetind%C9%99-ictimai-muzakir%C9%99-kecirib/#.WRBc0SnD_0Q.facebook

08.05.2017
  •