moderator.az- “İrəvan-2018” Azərbaycan Dillər Universitetində ictimai müzakirə keçirdi
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi portalın yaranmasında ictimai müzakirələrə start verib və artıq ilk tədbir Şamaxı rayonunda 200 nəfərdən ibarət olan ziyalılar və gənclərlə baş tutmuşdur.
Mayın 8-də BİRA-nın növbəti görüşü Azərbaycan Dillər Universitetində keçirilmişdir.Tədbiri giriş sözü ilə açan BİRA sədri Zaur Qəriboğlu təşkilatın fəaliyyətindən, “İrəvan – 2018” Hərəkatının gördüyü işlər barədə məlumat verərək, Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihənin aktullığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, müasir dünyada informasiyanın gücündən söz açıb: “Gərək, qəbul edək ki, bütün qələbələrin əlli faizini məhz informasiya müharibəsində qazanırsan. Bu gün Azərbaycanın güclü ordusu, dəyanətli Ali Baş Komandanı var. Ordumuz səngərdə, ölkə başçımız isə siyasətdə öz sözünü qətiyyətlə deyir. Amma bunla yanaşı olaraq, düşmənin yüz ildir məşğul olduğu informasiya müharibəsində - onların yalan dolu təbliğatlarına qarşı biz öz həqiqətlərimizlə, sənəd və faktlarımızla mübarizə aparmalıyıq. Hansı ki, ermənilərin əllərində heç bir əsas, sənəd olmadan bütün dünyanı aldadaraq, özlərini “yardımsevər”, “sülhsevər” xalq kimi qələmə verə biliblər. Hansı ki, tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Cənab prezidentin “Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimaiyi dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən layihə rəhbəri ““İrəvan2018” portalının əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir” - deyə, qeyd edib.
Daha sonra çıxış üçün söz “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbasa verilib. O da öz növbəsində erməni diasporasının xaricdə apardığı informasiya təbliğatından bəhs edərək tədbirə
toplaşan tələbələri dil biliklərindən istifadə edib bu mübarizədə birliyə yaxından dəstək olmağa çağırıb.
“İrəvan – 2018” layihəsinin aparıcı mütəxəssisi Qədir Nəsirov də tələbə gəncləri informasiya müharibəsində birliyə qoşularaq dəstək olmaya səsləyib.
Tədbirin sonunda tədbir iştirakçılarının çox hissəsi informasiya müharibəsində iştirak etmək üçün “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin üzvlüyünə qəbul olunaraq, könüllü fəaliyyət göstərmələri üçün təşkilat sədrinə müraciət ediblər.
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyinin kollektivi görüşün təşkil olunmasında yaxından köməklik göstərmiş Azərbaycan Dillər Universitetinin rektorluğuna öz təşəkkürünü bildirib.