QHTXEBER.-Şuranın dəstəyilə “İrəvan-2018” portalı yaradılır

QHTXEBER.-Şuranın dəstəyilə “İrəvan-2018” portalı yaradılır
qhtxeber.az//  “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi (BİRA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “İrəvan -2018 portalının yaranması” layihəsinin icrasına start verib.  
 
Təşkilatın sədri Zaur Qəriboğlunun qhtxeber.az-a verdiyi məlumata görə, BİRA-nın ötən ilin may ayında təsis etdiyi, 10-dan çox QHT-nin üzv olduğu “İrəvan-2018” Hərəkatının fəaliyyətinin davamı olaraq, www.iravan2018.com portalı yaradılacaq. İyun ayının sonuna qədər davam edəcək layihə müddətində bir neçə dəfə ictimai müzakirələr keçiriləcək, ensklopedik olaraq hazırlanacaq portalda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və AMEA-nın Tarix İnstitutunun arxivlərindən istifadə etmək üçün artıq adı çəkilən qurumlara rəsmi müraciət olunub: “Bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsi aktuallıq kəsb edir. Dövlət başçısı cənab İlham  Əliyevin “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq, düşünürük ki, bu gün Azərbaycanda informasiya müharibəsində iştirak edən internet resurslarının sayı olduqca azlıq təşkil edir.
Bizimlə müharibə aparan işğalçı Ermənistan hələ 1992-ci ildən başlayaraq, Azərbaycanın işğal edilmiş və digər ərazilərinin toponim adlarına olan domenləri alıblar. Bu gün dünyanın əsas internet axtarış sistemi olan “Google”də əgər ingilis və digər dillərdə Qarabağla və Azərbaycanla bağlı axtarış verilərsə, ilkin olaraq düşmənin məlumatları üzə çıxacaq. Bu da onun göstəricisidir ki, Ermənistan-Azərbaycan münaqişəsindən məlumat almaq istəyən bir əcnəbi ilkin olaraq, ermənilərin informasiya müharibəsinə hesablanmış resursları ilə tanış olacaq. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı saytlarda  Qərbi Azərbaycanın işğalı əks edilmir. Ancaq ümumi yazılar verilir. Qərbi Azərbaycanın işğalı, Qarabağın tarixi, məruz qaldığımız soyqırım və vandalizm aktları haqda bu qədər materiallarımız olduğuna baxmayaraq, informasiya müharibəsində düşməndən çox geridə qalırıq. Ermənistanın və ermənilərin çoxsaylı, yalnız Qarabağın həqiqətlərini saxtalaşdıran saytı fəaliyyət göstərir. Bunun qarşısını almaq məqsədi ilə qurulacaq “İrəvan-2018” portalı bütün parametrləri ilə düşmənin saxta təbliğatına qarşı fəaliyyət göstərəcək.” – deyən, layihə rəhbəri onu da qeyd edib ki,  “İrəvan-2018” portalı tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək. Belə ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi " İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq ..." fikrinə uyğun istiqamətdə quracaq olan portalda İrəvanda ermənilər tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin tədqiqini, eyni zamanda həmin ərazilərdə ermənilərin törətdikləri vandalizmin ifşası nəzərdə tutulacaq”.
 
Layihənin əsas məqsədi barədə danışan Zaur Qəriboğlu onu da vurğulayıb ki,uzun illərdir Ermənistanın Azərbaycan ərazilərinə silahlı təcavüzü nəticəsində müharibə şəraitində yaşayan Azərbaycanın informasiya savaşında müdafiə mövqeyindən hücum mövqeyinə keçməsinin qismən də olsa təmin etməkdir. Bu portal vasitəsi ilə biz dünyaya sübut etməyə çalışacağıq ki, ermənilər Dağlıq Qarabağa iddia etsələr də, hətta onların bu gün paytaxt kimi istifadə etdikləri İrəvan şəhəri belə tarixi Azərbaycan torpağıdır.
 
Layihənin vəzifəsi “İrəvan – 2018” protalı vasitəsi ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Qərbi Azərbaycan torpaqları ilə bağlı informativ, ensklopedik bilikləri portal izləyicilərinə Azərbaycan, rus və ingilis dillərində təqdim etməkdir.  Layihənin icrası nəticəsində Qarabağ həqiqətlərinin dünyaya yayılmasına nail olmaqla Qarabağın və Azərbaycanın işğal edilmiş digər ərazilərinin işğaldan azad edilməsinə töhfə verməkdir.
03.04.2017
  •