Azərbaycan səfirliklərinə hücum edən qüvvələrə kim əmr verir?
Xaricdəki səfirliyimizə ilk hücum avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınıb. Gündüz saatlarında hücum təşkil edən radikal dini qruplaşmanın üzvləri diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndirmişdilər. Bu günlərdə isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verməyib.
Qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin etməlidir. Amma ABŞ, Fransa və Böyük Britaniyada Azərbaycanın səfirliklərinin mühafizəsi müzakirə mövzusu olanda bu Konvensiyanın müvafiq bəndləri işləmir və qeyd edilən dövlətlər həmin bəndlərin icrasında maraqlı olmur.
Sual yaranır: ABŞ, Böyük Britaniya və Fransa hakimiyyətlərinin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı müəmmalı laqeydliyi nədən irəli gəlir? Necə olur ki, Avropa qitəsinin və Şimali Amerika materikinin təhlükəsizliyi ilə öyünən dövlətləri Azərbaycan səfirliyinin mühafizəsini təmin etməkdə aciz qalır?
Qeyd edilən dövlətlərin Azərbaycanın diplomatik korpuslarının mühafizəsinə qarşı sərgilədiyi laqeyd münasibət fonunda başqa bir sual ortaya çıxır: Əgər Fransa, ABŞ və Böyük Britaniya səfirliklərin mühafizəsini təmin edə bilmirsə, Azərbaycan niyə analoji addımı atmalıdır? Vyana Konvensiyasına əməl etmək yalnız Azərbaycanın məsulliyyətidir?
Azərbaycanda qeyd edilən ölkələrin səfirliklərinə təxribatçılar tərəfindən hücum edilsə, həmin dövlətlərin rəsmiləri bütün beynəlxalq təşkilatları ayağa qaldırar ki, "Azərbaycan öz öhtəliklərini yerinə yetirmir".
Rəsmi Bakının xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin mühafizəsinə göstərdiyi həsas münasibətdən aydın olur ki, Azərbaycan bütün mövzularda olduğu kimi səfirliklərin mühafizəsi məsələsində də beynəlxalq konvensiyaları əsas götürür, qarşılıqlı öhdəliklərə məsuliyyətlə yanaşır. Bu səbəbdən, Azərbaycanın diplomatik korpuslarının olduğu ölkələrin hakimiyyətlərindən də eyni həssaslığı nümayiş etdirməyi tələb etməyə haqqı var. Ümid edək ki, Azərbaycanın diplomatik korpuslarına qarşı törədilən vandallıq aktları ədalətlə araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək. Əks halda, analoji hallar yenidən təkrarlana bilər. Belə halların təkrarlanması təxribatın baş verdiyi dövlətlə Azərbaycan arasında uzun illərdir mövcud olan mehriban münasibətlərə, ikitərəfli əlaqələrə, qarşılıqlı etibara ciddi zərbə olar.